BAKI, 20 aprel. TELEQRAF
Sosial şəbəkələrdə Ucar rayonunda yetkinlik yaşına çatmayan şəxsin uşaq dünyaya gətirməsi ilə bağlı yayılan məlumat əsasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən müvafiq araşdırmalara başlanılıb.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Teymur Mərdanoğlu bildirilib.
O qeyd edib ki, yerli icra hakimiyyəti orqanının təqdim etdiyi məlumata əsasən, yetkinlik yaşına çatmayan şəxs və yeni doğulmuş körpə hazırda tibb müəssisəsindədir, onların vəziyyəti qənaətbəxş olaraq qiymətləndirilir.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma davam etdirilir və nəticəsindən asılı olaraq yeniyetmənin valideynlərinin məsuliyyəti məsələsinə hüquqi qiymət veriləcəkdir.
Bununla yanaşı, yetkinlik yaşına çatmayan şəxsin və körpənin hüquqlarının qorunması, onların sosial və psixoloji dəstəklə təmin olunması istiqamətində zəruri tədbirlər davam etdirilir.
***
Ucar rayonunda 15 yaşlı qız dünyaya uşaq gətirib, cinayət işi başlanılıb.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.
Daxil olan məlumata görə, Ucar Rayon Polis Şöbəsinin İstintaq Bölməsində cinayət işi başlanılıb, cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
Qeyd edək ki, aprelin 14-ü saat 19:00 radələrində 15 yaşlı hamilə qız doğuş sancıları ilə Ucar Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsinə yerləşdirilib, saat 20:20 radələrində çəkisi 1900 qram, boyu 44 sm olan oğlan uşağı dünyaya gətirib.