BAKI, 17 aprel. TELEQRAF
"Yaxın üç ayda Azərbaycan-Rusiya İşgüzar Şurasının növbəti iclasını da keçirə bilərik. İlkin planlaşdırmanı isə Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində aparmağı təklif edirəm".
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan-Rusiya İşgüzar Şurasının iclasında çıxışı zamanı Şuranın İdarə Heyətinin sədri və “Biznes Rusiya" Ümumrusiya İctimai Təşkilatının sədri Aleksey Repik deyib.
O bildirib ki, Rusiya Azərbaycanın qeyri-neft məhsullarının ən böyük alıcılarından biri olaraq qalır:
"Ticarət dövriyyəsinin artırılması istiqamətində aydın strategiyalar var. Lakin əsas məsələ yalnız artımın özü deyil, bu artımın keyfiyyətidir. Əsas inkişaf istiqamətlərinə gəlincə, düşünürəm ki, əsas açar sadəcə xammal və yarımfabrikat ixracının artırılmasında deyil. Əsas məsələ sistemli sənaye kooperasiyası, istehsalın lokallaşdırılması və ticarətdən birgə istehsala keçiddir.
İkinci mühüm istiqamət isə rəqəmsal iqtisadiyyat elementlərinin əməkdaşlığa inteqrasiyasıdır. Bu sahə hazırda Rusiya üçün prioritet istiqamətlərdən biridir".