BAKI, 17 aprel. TELEQRAF

Sərnişin məmnuniyyətinin artırılması və regionlarda nəqliyyat əlçatanlığının təmin edilməsi məqsədilə 18 aprel 2026-cı il tarixindən etibarən Kürdəmir dəmir yolu stansiyası sərnişinlərin istifadəsinə veriləcək.

"Azərbaycan Dəmir Yolları" QSC-dən Teleqraf-a verilən məlumata görə, Bakı–Qazax–Bakı, Bakı–Balakən–Bakı, Bakı–Ağdam–Bakı, eləcə də həftəsonları və bayram günləri təyin olunan Bakı–Ağstafa–Bakı reysləri üzrə qatarlar Kürdəmir stansiyasında dayanacaq. Qatarlar Bakıdan Kürdəmirə 2 saat 11 dəqiqəyə çatacaq. Əvvəllər bu interval 3 saat 11 dəqiqə idi.

Məlumata görə, bilet satışı 17 aprel tarixindən aparılır.

Bu gün Bakı Dəmiryol Vağzalından Kürdəmir stansiyasına rəmzi qatar yola düşüb.