BAKI, 20 aprel. TELEQRAF
Macarıstan parlament seçkilərində qalib gələn “Tisa” partiyasının sədri, gələcək baş nazir Peter Madyar müavini Aqneş Forsthöfferi parlamentin sədri vəzifəsinə namizəd göstərib.
Teleqraf xəbər verir ki, bu barədə gələcək hökumət başçısı bildirib.
Aqneş Forsthöffer siyasətə gəlməzdən və “Tisa”ya qoşulmazdan əvvəl turizm sahəsində çalışsa da, daha çox Macarıstan gözəllik müsabiqəsinin qalibi kimi tanınır. O, 2025-ci ilin sentyabr ayında “Tisa”ya üzv olub, hazırda parlament seçkilərində qalib gələn partiyanın sədrinin müavinidir. Siyasətə girməzdən əvvəl doğma şəhəri Balatonfüreddə turizm və otel biznesində çalışıb.
Siyasətə gəlməzdən xeyli əvvəl - 1998-ci ildə, 18 yaşında olarkən gözəllik müsabiqəsində qalib olub.
Aqneş Forsthöfferin mayın əvvəlində keçiriləcək yeni parlamentin ilk iclasında spiker, Peter Madyarın isə baş nazir seçiləcəyi gözlənilir. Gələcək hökumət başçısı səsvermənin mayın 9-da keçirilməsini təklif edib. Dəqiq tarixi Macarıstan Prezidenti Tamaş Şuyok təyin edəcək.
Aqneş Forsthöffer seçkilərdə məğlub olan hazırkı Baş nazir Viktor Orbanın uzunmüddətli müttəfiqi Laslo Köveri əvəzləyəcək.