BAKI, 18 aprel. TELEQRAF

Almaniyada yanacaq qiymətlərinin artımına etiraz edən avtomobil sürücülərindən ibarət karvan Berlin istiqamətində hərəkət edir.

Teleqraf xəbər verir ki, bu barədə "Bild" nəşri məlumat yayıb.

Bildirilir ki, Şərqi Friziya bölgəsindən başlayan aksiya iştirakçıları yanacaq qiymətlərinin kəskin bahalaşmasına etiraz edirlər.

Məlumata görə, karvan səhər saatlarında Emden şəhərindən 25 avtomobillə yola düşüb, Volfsburq yaxınlığında isə iştirakçıların sayı 82 nəqliyyat vasitəsinə çatıb. Bəzi məqamlarda karvanın uzunluğu təxminən 2,5 kilometrə qədər uzanıb.

Polisin açıqlamasına görə, hərəkət zamanı ciddi yol hərəkəti pozuntusu və ya insident qeydə alınmayıb. Karvan Volfsburqda qısa fasilədən sonra Saksoniya-Anhalt üzərindən paytaxta doğru hərəkətini davam etdirib.

Aksiyanın təşkilatçısı Sebastyan Bormann sosial şəbəkələr vasitəsilə də vətəndaşları yüksək yanacaq qiymətlərinə qarşı etiraza çağırıb. O, mövcud xərclərin dözülməz həddə çatdığını bildirərək Almaniya hökumətini və kansler Fridrix Mertsi tənqid edib.

Qeyd olunur ki, karvanın axşam saatlarında Berlinə çatacağı və polis müşayiəti ilə Reyxstaq binası istiqamətində hərəkət edəcəyi gözlənilir.