BAKI, 17 aprel. TELEQRAF

Azad edilmiş ərazilərdə “Araz Vadisi İqtisadi Zonası” sənaye parkında birgə servis mərkəzinin yaradılması böyük əhəmiyyət daşıyır. Biz Rusiya şirkətlərini bu ərazilərdə həyata keçirilən layihələrdə daha fəal iştirak etməyə çağırırıq.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan-Rusiya İşgüzar Şurasının iclasında çıxışı zamanı Baş nazirin müavini Şahin Mustafayev deyib.

O bildirib ki, burada 10 il müddətinə xüsusi vergi rejimi tətbiq olunur – mənfəət, əmlak, torpaq və sadələşdirilmiş vergilərdən azadolmalar mövcuddur, həmçinin ƏDV və gömrük rüsumları tətbiq olunmur, sosial sığorta üzrə güzəştlər verilir:

“Azərbaycanın sənaye zonaları da əməkdaşlığın inkişafında mühüm rol oynayır. Burada tikinti materialları və farmasevtika sahələrində birgə müəssisələr uğurla fəaliyyət göstərir.

Ələt Azad İqtisadi Zonasında istehsal layihələrinin inkişafı da əməkdaşlığın prioritet istiqamətlərindəndir.

İnvestisiya tərəfdaşlığı qarşılıqlı xarakter daşıyır. Azərbaycanın Rusiyaya birbaşa investisiyaları 1,2 milyard dollara çatır. Bu investisiyaların böyük hissəsi turizm və rekreasiya sahəsində cəmlənib.

Məsələn, Yessentuki, Kislovodsk və Jeleznovodsk şəhərlərində müasir sanatoriya və kurort komplekslərinin yaradılması layihələri həyata keçirilib. Azərbaycan kapitalı Krasnodar diyarında emal sənayesində, xüsusilə qida sektorunda da təmsil olunur”.