BAKI, 17 aprel. TELEQRAF
2025-ci ilin noyabrından 2026-cı ilin aprelin 15-dək olan dövr ərzində Azərbaycan ərazisindən Ermənistana keçən tranzit daşımalar və yanacaq idxalının həcmi açıqlanıb.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Dövlət Gəlirləri Komitəsi və İqtisadiyyat Nazirliyi məlumat yayıb.
Məlumata görə, qeyd olunan müddət ərzində Rusiya və Qazaxıstandan Azərbaycan ərazisindən keçməklə Ermənistana 26 min 295 ton məhsul gətirilib. Bildirilib ki, Azərbaycan ərazisindən keçməklə dəmir yolu vasitəsilə ilk tranzit yük 2025-ci il noyabrın 6-da daxil olub. Tranzit yüklərin tərkibini 24 min 865 ton buğda, 1 362 ton gübrə və 68 ton qarabaşaq təşkil edib.
Eyni zamanda, 2025-ci ilin dekabrından 2026-cı il aprelin 15-nə qədər Gürcüstan ərazisindən keçən dəmir yolu xətti ilə Azərbaycandan Ermənistana ümumi gömrük dəyəri 7,2 milyon dollar olan 9 min 337 ton Azərbaycan mənşəli yanacaq idxal edilib və rəsmiləşdirilib. Yanacaq idxalının 5 min 398 tonunu dizel yanacağı (4,3 milyon dollar), 3 min 939 tonunu isə benzin (2,9 milyon dollar) təşkil edib.