BAKI, 17 aprel. TELEQRAF
Yanvar və fevral aylarında Avropa İttifaqı Rusiyadan 693 milyon avro dəyərində boru kəməri ilə, 1 milyard avro dəyərində isə mayeləşdirilmiş təbii qaz (LNG) alıb. 2026-cı ilin ilk iki ayı ərzində Aİ-nin Rusiyadan qaz alışı iki dəfə azalaraq 1,7 milyard avroya düşüb.
Teleqraf xəbər verir ki, fevralda Aİ ölkələri Rusiyadan LNG üçün 454 milyon avro ödəyib.
Əsas idxalçılar Fransa (253 milyon avro), İspaniya (91 milyon avro) və Hollandiya (82 milyon avro) olub. Belçika Rusiyadan LNG alışını 2024-cü ilin avqustundan bəri ən aşağı səviyyəyə - 28 milyon avroya endirib. Aİ həmçinin fevralda Rusiyadan boru kəməri ilə 299 milyon avro dəyərində qaz idxal edib.
Ümumilikdə, Avropa İttifaqı yanvar-fevral aylarında Rusiyadan təxminən 1,7 milyard avro dəyərində qaz alıb ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə iki dəfə azdır.
Fevral ayında Rusiyanın mayeləşdirilmiş təbii qazı Aİ-nin ümumi mayeləşdirilmiş təbii qaz idxalının 14%-ni təşkil edib. ABŞ isə 54,5% payla liderlik edib.