ABŞ-də Rusiya nefti ilə bağlı əməliyyatlara verilən lisenziyanın müddətinin uzadılması rəsmi Vaşinqton tərəfindən praqmatik qərar kimi qiymətləndirilib.
Teleqraf xəbər verir ki, ABŞ-nin energetika naziri Kris Rayt “Fox News” telekanalına müsahibəsində bildirib ki, bu addım qısamüddətli və humanitar yanaşmaya əsaslanır.
Onun sözlərinə görə, Rusiya neftinin tam şəkildə Çinə yönəlməsinin qarşısını almaq və bir hissəsinin Hindistan və digər Asiya ölkələrinə çatdırılması məqsədilə belə qərar qəbul edilib.
Nazir qeyd edib ki, Rusiya nefti artıq bazarda satılır və əsasən Çin istiqamətinə yönəlir.
“Bu, praqmatik addımdır. Qısa müddət üçün humanitar qərar qəbul etdik ki, neftin bir hissəsi Hindistan və digər ölkələrə yönəlsin və orada emal olunsun”, - deyə o vurğulayıb.
Kris Rayt əlavə edib ki, Rusiya nefti ilə bağlı əməliyyatlara verilən lisenziya müvəqqəti xarakter daşıyacaq.
Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyi martın 12-də müəyyən şərtlərlə Rusiya nefti və neft məhsullarının satışı ilə bağlı əməliyyatlara icazə verib. Martın 19-da lisenziya yenilənərək bəzi regionlar, eləcə də Şimali Koreya və Kuba ilə bağlı məhdudiyyətlər əlavə edilib. Əvvəlki icazənin müddəti aprelin 11-də başa çatıb.
Son olaraq, ABŞ Maliyyə Nazirliyi yeni lisenziya yayımlayaraq aprelin 17-dək tankerlərə yüklənmiş Rusiya mənşəli neft və neft məhsullarının satışı, daşınması və boşaldılması əməliyyatlarının mayın 16-dək davam etdirilməsinə icazə verib.