BAKI, 20 aprel. TELEQRAF

Körfəz Tədqiqatlar Mərkəzi (Gulf Research Center) və Özbəkistan Prezidenti yanında Strateji və Regional Tədqiqatlar İnstitutunun birgə tərəfdaşlığı (ISRS) ilə Körfəz-Mərkəzi Asiya Beyin Mərkəzlərin online forumu keçirilib.

Teleqraf xəbər verir ki, "Dəyişən Regional Nizam Şəraitində Körfəz-Mərkəzi Asiya Əməkdaşlığının Gücləndirilməsi" mövzusuna həsr edilən forumda Körfəz Tədqiqatlar Mərkəzinin təsisçisi və sədri Abdulaziz Sager, həmçinin Özbəkistan Respublikası Prezidenti yanında Strateji və Regional Tədqiqatlar İnstitutunun direktoru Eldor Aripov açılış nitqləri ilə çıxış ediblər.

Panel müzakirələri çərçivəsində Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev Azərbaycanın Mərkəzi Asiya ilə Avropa və digər qlobal bazarlar arasında oynadığı əsas rola diqqət çəkib. O, həmçinin Yaxın Şərqdəki qeyri-sabitlik və Hörmüz boğazı ətrafında yaranmış vəziyyət fonunda quru nəqliyyat dəhlizlərinə artan tələbatı və bu prosesdə C6 ölkələrinin mühüm rolunu vurğulayıb.

BMTM sədri Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünə qəbul edilməsinin ölkənin regional arxitekturada artan rolunu və strukturlaşdırılmış əməkdaşlıq üçün yaranan yeni imkanları əhəmiyyətli dərəcədə gücləndirdiyini qeyd edib.

F. Şəfiyev əlavə edib ki, "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP), digər adı ilə Zəngəzur dəhlizi kimi təşəbbüslər Şərq-Qərb əlaqələrinin dayanıqlılığını və şaxələndirilməsini daha da gücləndirə bilər.

“Əlaqəlilik (connectivity) C6 gündəliyinin əsas sütunlarından biri olaraq qalır. Bura infrastrukturun inkişafı, rəqəmsallaşma və mövcud maneələrin aradan qaldırılması daxildir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Mərkəzi Asiya və Azərbaycan artıq “vahid geosiyasi və geoiqtisadi region”u təşkil edir. Bu fikir yalnız siyasi baxışı deyil, həm də formalaşmaqda olan logistik və iqtisadi reallığı əks etdirir. Mərkəzi Asiya ölkələri və Azərbaycan getdikcə “Orta Güc” (Middle Powers) kimi çıxış edirlər”.

Qeyd edək ki, forum çərçivəsində regional təhlükəsizlik dinamikalarına həsr edilən birinci paneldə artan geosiyasi rəqabət və regional münaqişələr fonunda Körfəz və Mərkəzi Asiya bölgələrində dəyişən təhlükəsizlik mühiti müzakirə edilib. Burada münaqişələrin yayılması, qeyri-dövlət aktorları və transmilli təhdidlər kimi ortaq risklər təhlil olunub.

"Ticarət, Enerji və Nəqliyyat Dəhlizləri" mövzusuna həsr edilən ikinci paneldə isə Körfəz və Mərkəzi Asiya ölkələrinin strateji coğrafi mövqelərindən istifadə etməklə iqtisadi qarşılıqlı asılılığı necə dərinləşdirə biləcəyi müzakirələrin ana xəttini təşkil edib.