BAKI, 20 aprel. TELEQRAF
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Banqkok şəhərində keçirilən BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (ESCAP) 82-ci sessiyasına sədrlik edib.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
"Heç kimi kənarda qoymamaq: Asiya və Sakit Okean regionunda bütün yaş qrupları üçün cəmiyyətin tərəqqisi" mövzusuna həsr olunmuş sessiyanın açılışında nazir Prezident İlham Əliyevin iştirakçılara ünvanladığı yazılı müraciəti oxuyub.
Sessiya çərçivəsində Azərbaycan ortaq çağırışların həlli və inkişafın cəmiyyətin bütün təbəqələrinə çatdırılması üçün regional əməkdaşlığın gücləndirilməsinin vacibliyini vurğulayıb.
Nazir Azərbaycanın əsas siyasi mesajlarını diqqətə çatdıraraq inklüziv inkişaf, rəqəmsal transformasiya, yaşıl enerji keçidi, regional bağlantı, sülh quruculuğu və Cənub-Cənub əməkdaşlığı kimi istiqamətləri önə çəkib.
Azərbaycanın "Heç kəs kənarda qalmasın" gündəliyi çərçivəsində insan mərkəzli, dayanıqlı və qarşılıqlı əlaqəli regional gələcək vizyonu təqdim olunub.
Sessiya zamanı "Azərbaycan 2030" sosial-iqtisadi inkişaf üzrə milli prioritetləri, o cümlədən inklüziv iqtisadi artım, təhsil və səhiyyəyə bərabər çıxış, rəqəmsal ictimai xidmətlərin genişləndirilməsi və nəsillər arasında bərabər imkanların təmin edilməsi xatırladılıb.
Bundan əlavə, Avrasiya bağlantısında Orta Dəhlizin strateji əhəmiyyəti vurğulanıb.
Sessiyanın əsas nəticələrindən biri kimi Asiya və Sakit Okean regionunda bütün yaş qrupları üçün sosial inkişafın təşviqinə dair Bakı–Banqkok Bəyannaməsi qəbul olunub. Bu sənəd inklüzivlik və dayanıqlı inkişaf üzrə ortaq öhdəliyi əks etdirir və ESCAP-ın inklüziv inkişaf gündəliyi ilə uyğunluq təşkil edir.
Sessiya üzv dövlətlərin yüksək səviyyəli nümayəndələrini, beynəlxalq təşkilatları və BMT tərəfdaşlarını bir araya gətirərək inklüziv artım, sosial bərabərlik və dayanıqlı inkişaf üzrə dialoqu təşviq edib.
Azərbaycan çoxtərəfli diplomatiyada fəal rol oynamaqda davam edir və Asiya-Sakit Okean regionu ilə əməkdaşlığını ümumi inkişaf məqsədləri naminə dərinləşdirməyə sadiqdir.
Həmrəylik, innovasiya və ortaq məsuliyyət prinsiplərini rəhbər tutan Azərbaycan insan mərkəzli inkişaf modelini təşviq edir, regional bağlantını gücləndirir, rəqəmsal və yaşıl keçidi sürətləndirir, sülh və əməkdaşlığı möhkəmləndirir.