BAKI, 20 aprel. TELEQRAF

"Exxon Mobil", "Chevron", eləcə də digər enerji nəhəngləri müharibənin viran qoyduğu Yaxın Şərqdən uzaqda yeni perspektivli neft və qaz yataqları axtarırlar.

Teleqraf xəbər verir ki, "Exxon Mobil" Nigeriyanın dərinsulu neft yataqlarına 24 milyard dollar investisiya yatırmağı nəzərdən keçirir.

"Chevron" isə artıq Venesueladakı fəaliyyətini genişləndirib. BP Namibiya sahillərindəki neft bloklarında pay əldə edib, "TotalEnergies" Türkiyə ilə kəşfiyyat müqaviləsi imzalayıb.

"Wood Mackenzie"yə görə, iri neft şirkətləri 2021-ci ildən 2025-ci ilə qədər kəşfiyyata ildə orta hesabla 19 milyard dollar xərcləyiblər. Yeni kəşfiyyat layihələri iri neft şirkətləri üçün təxminən 120 milyard dollar mənfəət gətirə bilər.

"Exxon", "Chevron", "Shell", "BP" və "TotalEnergies" Afrika, Cənubi Amerika və Şərqi Aralıq dənizində yeni qazma perspektivlərini araşdırır və növbəti onillik üçün ehtiyatlarını artırmağa çalışır. Ötən həftə "Exxon" Yunanıstan sahillərində qazma işlərini irəli aparıb. Son aylarda şirkət İraq, Türkiyə və Qabonla ilkin kəşfiyyat müqavilələri imzalayıb. Trinidad və Tobaqoda "Exxon" dərin sulu dəniz ərazilərində neft və qaz axtarışı üçün seysmik kəşfiyyat aparır. Ötən il şirkətin beynəlxalq xərcləri, davam edən layihələr üzrə xərclər də daxil olmaqla, təxminən 9 milyard dollar təşkil edib.