BAKI, 20 aprel. TELEQRAF
Bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Banqkok şəhərində keçirilən BMT-nin Baş katibinin müavini və Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının (UNESCAP) 82-ci sessiyası çərçivəsində Laos Xalq Demokratik Respublikasının xarici işlər naziri Thonqsavan Fomvihan ilə görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, görüş zamanı, Azərbaycan-Laos Xarici İşlər Nazirlikləri arasında ilk siyasi məsləhətləşmələrin keçirilməsi, diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd edilməsi məmnunluqla xatırlanıb.
İki ölkə arasında münasibətlərin hazırkı durumu, siyasi, iqtisadi, humanitar, nəqliyyat, logistika və digər sahələrdə əməkdaşlığın genişləndirillməsi və inkişafı perspektivləri ətrafında müzakirələr aparılıb. Bu çərçivədə, Orta Dəhlizin əhəmiyyəti vurğulanıb.
Laos naziri təhsil sahəsində əməkdaşlığın əhəmiyyətini vurğulayıb və bu çərçivədə Bakıda təhsil almış Iaoslulardan ibarət Azərbaycan-Laos Dostluq Assosiasiyasının yaradıldığını bildirib.
Tərəflər həmçinin Yaxın Şərqdə vəziyyətdən irəli gələn məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Görüşdə həmçinin, iki ölkə arasında beynəlxalq təşkilatlar, o cümlədən Qoşulmama Hərəkatı (NAM), Laosun üzvü olduğu Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyası (ASEAN) çərçivəsində əməkdaşlıq perspektivləri müzakirə olunub.
Nazirlər həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və çoxtərəfli məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
***
14:54
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Laos Xalq Demokratik Respublikasının xarici işlər naziri Thonqsavan Fomvihan ilə görüşüb.
Teleqraf xəbər verir ki, bu barədə XİN-in "X" sosial media hesabında məlumat yayılıb.
Qeyd olunub ki, görüş BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının 82-ci sessiyası çərçivəsində olub.
Görüşdə ikitərəfli əməkdaşlığın gücləndirilməsi, siyasi dialoqun dərinləşdirilməsi və çoxtərəfli platformalarda əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.
Tərəflər iki ölkə arasında münasibətlərin daha da inkişaf etdirilməsi və yeni əməkdaşlıq sahələrinin araşdırılması istiqamətində qarşılıqlı öhdəliklərini bir daha təsdiqləyiblər.