
BAKI, 16 aprel. TELEQRAF
ABŞ Prezidenti Donald Trampın administrasiyası xaricdəki diplomatik mövcudluğa ciddi dəyişikliklər fonunda xaricdəki 30-a yaxın səfirlik və konsulluğu bağlamağı planlaşdırır.
Teleqraf xəbər verir ki, bu barədə CNN ABŞ Dövlət Departamentinin müvafiq sənədinə istinadla məlumat yayıb.
Sənəddə həmçinin ABŞ-nin terrorla mübarizə səylərində əsas rol oynayan iki ölkə - Somali və İraqdakı diplomatik missiyaların sayının azaldılması və digər diplomatik missiyalarda islahatlar aparılması təklif edilir.
Dövlət katibi Marko Rubionun təklifləri imzalayıb-imzalamadığı məlum deyil.
Sənəddə 10 səfirlik və 17 konsulluğun bağlanması təklif olunur. Onların əksəriyyəti Avropa və Afrikada yerləşir, Asiya və Karib də siyahıda yer alıb. Bura Malta, Lüksemburq, Lesoto, Konqo Respublikası, Mərkəzi Afrika Respublikası və Cənubi Sudandakı səfirliklər daxildir. Həmçinin Fransada beş, Almaniyada iki, Bosniya-Herseqovinada iki, Böyük Britaniya, Cənubi Afrika Respublikası və Cənubi Koreyada bir konsulluğun bağlanması təklif olunur.