
BAKI, 16 aprel. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp NBC və MSNBC telekanallarının sahibi olan "Comcast" şirkətinin baş direktoru Brayan Robertsi Amerika televiziya yayımının nüfuzunu zədələməkdə ittiham edib.
Teleqraf xəbər verir ki, prezident bu barədə “Truth Social” platformasındakı paylaşımında bildirib.
Onun sözlərinə görə, Brayan Roberts televiziya sahəsinin reputasiyasına xələl gətirir.
“Saxta xəbərlər yayan MSNBC-nin reytinqləri çox zəifdir və onlar yararsız yayım fəlakətinə çevrilmiş CNN-dən cüzi fərqlənir", - Tramp qeyd edib.
Bundan əvvəl ABŞ dövlət başçısı CBS telekanalını və onun “60 dəqiqə” adlı proqramını lisenziyadan məhrum etməklə hədələyib. Tramp Ukraynadakı münaqişə və Qrenlandiya ilə bağlı yayımlanan süjetlərin onun barəsində böhtan xarakterli məlumatlar ehtiva etdiyini bildirib.