BAKI, 16 aprel. TELEQRAF

Macarıstan Avropa İttifaqının (Aİ) Sülh Fondu vasitəsilə Ermənistana hərbi məqsədlər üçün 10 milyon avronun ayırmasına mane olub.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin “Azadlıq” radiosunun erməni xidməti məlumat yayıb.

“Aİ-nin xarici siyasət xidmətinin rəhbəri Kaya Kallas məsələnin müzakirəyə çıxarılmasını təklif etmişdi. Təsdiq üçün Aİ-yə üzv olan 27 ölkənin hamısının yekdil dəstəyi lazım idi. Macarıstandan başqa hamı Kallasın təklifini dəstəkləyib. Brüsseldəki diplomatik mənbə bildirib ki, Budapeşt bazar ertəsi Aİ xarici işlər nazirlərinin Lüksemburqda keçirilən iclasında qərara veto qoyub”, - məlumatda deyilir.

Bir Aİ rəsmisi radioya deyib: “Danışıqlardan sonra hələlik heç bir irəliləyiş əldə olunmayıb”.