
BAKI, 16 aprel. TELEQRAF
"Azərbaycan dili üzrə sertifikasiya imtahanı"nın onlayn platformasının ictimaiyyətə təqdim olunmasından ötən bir ay müddətində 689 nəfər (413 qadın və 276 kişi) qeydiyyatdan keçib.
Bu barədə Teleqraf-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.
Bildirilib ki, onlardan yalnız 533 nəfər imtahanda iştirak edib.
"Qeydiyyatdan keçənlər arasında ali təhsilli şəxslər (bakalavriat – 141 nəfər, magistratura – 143 nəfər, doktorantura – 54 nəfər) üstünlük təşkil edir. İmtahan iştirakçıları arasında artıq xarici ölkə vətəndaşları da var",- məlumatda qeyd olunub.
Xatırladaq ki, "Azərbaycan dili üzrə sertifikasiya imtahanı"nın onlayn platforması 17 mart tarixində sınaq məqsədilə istifadəyə verilib. Sınaq prosesinin əsas məqsədi onlayn platformanın işləkliyini yoxlamaq, imtahanda dinləmə, oxu, danışma, yazı bacarıqlarının qiymətləndirilməsi üçün istifadə olunan test tapşırıqlarının və mövcud mexanizmin effektivliyini dəyərləndirmək və sistemi daha da təkmilləşdirməkdir.