YEVLAX, 16 aprel. TELEQRAF

Bu gün saat 06:00 radələrində yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 8 nəfər (5-i qadın, 3-ü kişi cinsli olmaqla) Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, hər bir şəxsə ilkin tibbi yardım göstərilib.

Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslərin hər biri ambulator müalicə üçün evə buraxılıblar.

***

10:17

Yevlaxda avtobusun aşması nəticəsində səkkiz Zaqatala sakini xəsarət alıb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, Zaqatala - Bakı marşrutu ilə hərəkət edən sərnişin avtobusunun Yevlax rayonu ərazisində idarəetmədən çıxaraq aşması nəticəsində təxliyyə edilən sərnişinlərə yerindəcə ilkin tibbi yardım göstərilib.

Durumu nisbətən ağır olan 8 Zaqatala sakini (1988-ci il təvəllüdlü, Zaqatala rayonu Bəhmətli kənd sakini Şirinbəyova Rəqsanə Şahmalı qızı, 1960-cı il təvəllüdlü, Zaqatala rayonu Yeni Suvagil kənd sakini Məmmədova Leysanat İbad qızı, Zaqatala rayonu Əliabad qəsəbə sakini Adilova Həlimə Ağabala qızı, 1967-ci il təvəllüdlü, Zaqatala rayonu sakin Əliyev Qüdrət Abdulla oğlu, 2004-cü il təvəllüdlü Zaqatala rayonu Aşağı Tala kənd sakini Ramazanzadə Aysel Adil qızı, 1969-cu il təvəllüdlü Zaqatala rayonu Yeni Suvagil kənd sakini Babayeva Kifayət Hüseyn qızı, 1993-cü il təvəllüdlü, Zaqatala rayonu Yeni Suvagil kənd sakini Babayev İlkin Yusif oğlu, 1983-cü il təvəllüdlü, Zaqatala rayonu Yeni Suvagil kənd sakini Məmmədova Aygün Osman qızı) Şəki Mərkəzi Xəstəxanasına çatdırılıb.

***

07:04

İdarəetmədən çıxan avtobus yol kənarındakı qaz borusunun üzərinə aşaraq onu sıradan çıxarıb.

Xoşbəxtlikdən, partlayış baş verməyib və ciddi xəsarət alan olmayıb.

Sürücünün ilkin etirafına görə, bu yolda ilk dəfə hərəkət edirmiş.

Həmin vaxt magistralda təmir işləri aparıldığından, sürücü yolu səhv salıb və avtobus güclü yağış altında idarəetmədən çıxaraq aşıb.

***

05.45

Yağışlı hava Yevlax rayonunda qəza şəraitinə səbəb olub.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, idarəetmədən çıxan sərnişin avtobusu aşıb.

Hadisə gecə saatlarında, Yevlax rayonunun Xanabad kəndi istiqamətindən keçən Bakı-Balakən magistralında baş verib.

Avtobusdan sərnişinlərin sərbəst çıxışında məhdudiyyət yaranıb.

Hadisə yerinə Mingəçevir, Yevlax və Şəkidən 5 təcili tibbi yardım briqadası cəlb edilib.

Sərnişinlər avtobusdan çıxarılaraq, tibbi müayinəyə cəlb olunublar.

Hadisə yerinə FHN əməkdaşları gəlib.

Faktla bağlı araşdırma başlanıb.