BAKI, 16 aprel. TELEQRAF

"Azərbaycan dili üzrə sertifikasiya imtahanı"nın onlayn platforması 17 mart tarixində sınaq məqsədilə istifadəyə verilib. Sınaq prosesinin əsas məqsədi onlayn platformanın işləkliyini yoxlamaq, imtahanda dinləmə, oxu, danışma, yazı bacarıqlarının qiymətləndirilməsi üçün istifadə olunan test tapşırıqlarının və mövcud mexanizmin effektivliyini dəyərləndirmək və sistemi daha da təkmilləşdirməkdir.

Bu barədə Teleqraf-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Bildirilib ki, ölkədə ilk dəfə tətbiq ediləcək yeni imtahan modelinin yoxlanılması üçün ictimaiyyət nümayəndələri mütəmadi olaraq sınaq prosesində iştirak etməyə dəvət olunub. Sınaq mərhələsinin yekunlaşması üçün yoxlamada ən az 2000 nəfərin iştirak etməsi arzuolunandır. Onlayn platformanın ictimaiyyətə təqdim olunmasından ötən bir ay müddətində 689 nəfər (413 qadın və 276 kişi) qeydiyyatdan keçib və onlardan yalnız 533 nəfər imtahanda iştirak edib. Qeydiyyatdan keçənlər arasında ali təhsilli şəxslər (bakalavriat – 141 nəfər, magistratura – 143 nəfər, doktorantura – 54 nəfər) üstünlük təşkil edir. İmtahan iştirakçıları arasında artıq xarici ölkə vətəndaşları da var.

Xatırladaq ki, ADSİ imtahanı Azərbaycan dilini xarici dil kimi öyrənən və rəsmi olaraq bilik səviyyəsini təsdiqləmək istəyənlər, Azərbaycanda işləmək və ya təhsil almaq arzusunda olan xarici vətəndaşlar, Azərbaycan dili üzrə bilik səviyyəsini beynəlxalq standartlara uyğun qiymətləndirmək istəyən şəxslər üçün nəzərdə tutulub. Azərbaycan dili Sertifikasiya İmtahanında iştirak edən şəxslərin nəticələri beynəlxalq standartlara uyğun (CEFR – Dillər üzrə Ümum-Avropa Tövsiyə Çərçivə Sənədi) qiymətləndiriləcək. İmtahanın nəticəsinə əsasən, namizədlərə müvafiq dil səviyyəsini (A1 – C2) göstərən sertifikat təqdim edilir. Bu sertifikat Azərbaycan dili üzrə bilik səviyyəsini rəsmi şəkildə təsdiq edəcək, təhsil, iş və digər sahələrdə istifadə imkanları yaradacaq.

Azərbaycan dili biliklərini beynəlxalq standartlara uyğun qiymətləndirmək istəyən hər kəsi 30 aprel 2025-ci il tarixinədək onlayn platformada qeydiyyatdan keçərək ödənişsiz sınaq imtahanında iştirak etməyə dəvət edirik. İmtahanda iştirak edən şəxslərin nəticələri qeydiyyat zamanı göstərilən elektron poçt ünvanlarına göndəriləcək.