BAKI, 16 aprel. TELEQRAF

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Teleqraf-ın suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Elxan bəy, Ermənistan tərəfi konstitusiya dəyişikliyi ilə bağlı məsələdə israrlı davranır. Bu sülh prosesi üçün nə vəd edir?

- Görünən odur ki, Ermənistan hakimiyyətinin bu məsələ ilə bağlı mövqeyində dəyişiklik yoxdur. Bunu Antalya Dilomatik Forumunda Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin panelində aparılan müzakirələr də göstərdi. ATƏT-in Minsk Qrupundan imtina və konstitusiya dəyişikliyi məsələsində erməni tərəfi müqavimət göstərir. Minsk Qqrupuna aid yanaşmada isə mövqeləri bir qədər fərqlidir. Ermənistan xarici işlər naziri Ararat Mirzoyan da Antalya Diplomatik Forumunda dedi ki, “sülh sazişi imzalanan kimi Minsk Qrupundan imtina edəcəklər”. Bunu niyə əvvəl etməmələri sual doğurur. Çünki sülhdən əvvəl bu addımları atsalar, gərginlik azalar və iki tələbdən biri sıradan çıxmış olar. Ona görə də onların bu məntiqini anlamaq olmur.

- İki məsələni sülh sazişindən sonraya saxlamaqda məqsəd nədir?

- Əslində, bunun heç bir mənası yoxdur. Minsk Qrupu de-fakto mövcud deyil. Qarabağ problemi həll olunub. Eyni zamanda Minsk Qrupunun üç üzvü Rusiya, Fransa və ABŞ bu məsələni müzakirə etmir. Amerika və Rusiyanın təmsilçiləri yoxdur. Bütün bunlar ortada olduğu halda Minsk Qrupundan imtinanı sülh sazişindən sonraya saxlamaq məntiqli deyil. Görünür Ermənistanın mövqeyində dəyişiklik olmayana qədər Azərbaycanla sülh sazişi imzalanmayacaq. Onlar düşünürdülər ki, sülh mətni üzərində 17 bəndlə bağlı razılıq əldə olunubsa, asanlıqla sülh sazişi imzalana bilər. Amma sülh mətni üzərində razılıq əldə olunsa da, Azərbaycanın iki əsas şərti gündəmdədir.

- Rəsmi İrəvan Bakının son iki şərtini niyə bu qədər ağırlaşdırır?

- Bu şərtləri icra etmək elə də ağır deyil. Ermənistan konstitusiyasının dəyişdirilməsi deyil, Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən bəndlərin çıxarılması tələb olunur. Nikol Paşinyan Ermənistan parlamentində də bunu həll edə bilər. Səs çoxluğu ilə bunu aradan qaldırmaq mümkündür. Amma o gözləmə mövqeyindədir. Bunun əvəzinə iddia edir ki, indi sülh sazişini imzalamaq olar. Bu isə mümkün deyil. Çünki Paşinyan devrilsə və ya seçkidə məğlub olub hakimiyyətini itirsə, ondan sonra gələnlər deyəcəklər ki, “bizim üçün sülh sazişindən daha önəmlisi Ermənistan konstitusiyasıdır”. Kontitusiyadan həmin bənd çıxarılsa, Paşinyandan sonra hakimiyyətə gələnlər Azərbaycan ərazisinə iddia edə bilməyəcək. Azərbaycan bu mənada sülh sazişini erməni xalqı ilə imzalamaq istəyir. Tarixdən çıxarılan dərs bunu tələb edir. Erməni cəmiyyəti Azərbaycana qarşı olan təxribat xarakterli ənənələrdən imtina etməlidir.

- Ermənistanın ədliyə naziri 8-10 aya yeni konstitusiya layihəsinin hazır olacağını açıqlayıb. Paşinyan isə 2027-ci ildə referendumun ola biləcəyindən danışır. Azərbaycan bu proseslərin bitməsini gözləməlidirmi?

- Erməni tərəfi indi yeni konstitusiyanın qəbulundan danışır. Bu Azərbaycan üçün maraqlı deyil. A-dan, Z-yə konstitusiyada hər şeyi dəyişmək, prezident və yaxud parlamentli respublika modelini yaratmaq onların daxili işidir. Bakı onun tələb etdiyi bəndin konstitusiyadan çıxarılmasını istəyir. Bunun üçün 8-10 ay gözləmək məntiqsizdir. Bu isə həmin vaxta qədər sülh sazişinin imzalanmaması deməkdir. Sülh sazişinin olmaması isə bölgədə gərginliyi artıracaq. Ermənistan ordusunda olan təxribatçı qruplar Paşinyanı devirmək istəyir və paralel olaraq Azərbaycan Ordusunun mövqeləri atəşə tutulur. Bu da mümkün toqquşma riskini artırır.

- Zəngəzurda velosiped turuna çıxan Paşinyan Ermənistanın dəhlizlə bağlı Azərbaycanın şərtlərini qəbul etdiklərini, amma yolun suverenlik prinsipinə əsaslanaraq açılmasının mümkünlüyünü önə çəkib. Bu hansı məntiqə əsaslanır?

- Əslində, Paşinyanın verdiyi bütün qərarlar yarımçıqdır. Sülh sazişi, sərhədlərin delimitasiyası, Zəngəzur dəhlizi ilə bağlı məsələlər tamamlanmayıb. Eyni zamanda dəhlizə imkan yaradacağını deməklə gömrük və sərhəd xidmətinin olacağını bildirir. O həmçinin sülh sazişinin vacib olduğunu Azərbaycan və Türkiyə ilə düşmənçiliyin Ermənistanı uçuruma apardığını erməni cəmiyyətinə çatdırır. Bu müsbət hal olsa da, hamısı yarımçıqdır. Sonrakı dövrdə o heç bir addım atmır. Paşinyan əgər Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasını, sərhədin açılmasını, nəqliyyat dəhlizlərinə qoşulmaq istəyirsə, bu məsələlərin sürətli həllinə ehtiyac var. Ola bilsin ki, Paşinyan bunları etsə reytinqinin düşəcəyindən ehtiyat edir. Əksinə, regional kommunikasiyalar, sərhədlər açılsa, diplomatik münasibətlər, iqtisadi əlaqələr formalaşsa bölgədə sabitlik yaranacaq. Bu Ermənistanın xeyrinə olacaq. Paşinyan bununla mövqelərini bir qədər möhkəmləndirə bilər. Fakt odur ki, erməni tərəfi Zəngəzur dəhlizinin açılmasını yubatdığına görə, Azərbaycan İran üzərindən Naxçıvana rahat gediş əldə edir. Artıq Araz çayı üzərində tikilən körpü tamamlanmaq üzrədir. Zəngəzur dəhlizi əvəzinə Araz dəhlizi açılacaq. Bakı-Tbilisi-Qars dəmir yolu da artıq Naxçıvana gediş-gəlişə təkan verəcək və beləliklə Zəngəzur dəhlizi aktuallığını itirəcək.