BAKI, 5 dekabr. TELEQRAF

Əlillik dərəcəsinin təyini, bərpası və güzəştli sosial mənzillərin verilməsinə köməklik göstərilməsi ilə bağlı vətəndaşlara qarşı dələduzluqda ittiham olunan 70 yaşlı Zabil Məmmədağa oğlu Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı ittiham nitqi ilə çıxış edib.

O, Zabil Məmmədovun 8 il müddətinə azadlıqdan məhrum edilməsini, cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini istəyib. Dövlət ittihamçısı təqsirləndirilən şəxsin barəsində polis nəzarətinə vermə qətimkan tədbirinin dəyişdirilməsini və onun barəsində həbs qətimkan tədbirinin seçilməsini, məhkəmə zalından həbs edilməsini təklif edib. Daha sonra çıxış edən zərərçəkmişlər dövlət ittihamçısı ilə razı olublar. Təqsirləndirilən şəxs Zabil Məmmədovun vəkili müdafiə çıxışı edib. O, müvəkkilinin günahsız olduğunu bildirib.

Qeyd edib ki, bu işlərin görməsində günahkar Samirə Mirzəyevadır: "Zabil müəllim də ondan tələb edib ki, ziyanı ödəsin. Samirə Mirzəyeva Zabil müəllimi şantaj edib və bu işə cəlb edib. Zərərçəkmişlər Samirə Mirzəyevadan şikayətçidir. Zərərçəkənıər Zabil müəllimi tanımır. Bu işin icraatı dayandırılmalıdır, Samirə Mirzəyevanın işinə baxılmalıdır, sonra bu iş araşdırılmalıdır".

Vəkil qeyd edib ki, bu hadisələrdən sonra təqsirləndirilən şəxsin nikahı pozulub, ailəsi dağılıb. Onun sözlərinə görə, müdafiə etdiyi şəxs təqaüdəçüdür, əlillik dərəcəsi var: "Zabil müəllimin əlil övladı var, onun himayəsindədir. Dəymiş ziyanın yarıdan çoxu ödənilib. Həmçinin təqsirləndirilən şəxs müəllim olub. Vəkil olaraq hesab edirəm ki, müdafiə etdiyim şəxsə bəraət verilməlidir. Amma məhkəmə müşavirə otağında təqsirli bilsə, ona həbs olmayan cəza təyin etməlidir. Onun özünün yaşlı, təqaüdçü və əlil olması, həmçinin himayəsində əlil övladının olmasının nəzərə alınmasını istəyirik".

Daha sonra təqsirləndirilən şəxs son söz deyib. O, özünü təqsirli bilməyib və barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Bildirib ki, bu işləri Samirə Mirzəyeva edib və onun üzərində qalıb: "Mən o qadını öldürmək istəyirdim, evdən qoymadılar. Məni pis vəziyyətə salıb. Mən onu öldürəcəkdim, hamı da biləcəkdi ki, mən onu öldürdüm, xəcalətdən xilas olardım. İndi vicdan əzabı çəkirəm. Mənim barəmdə ədalətli qərar qəbul edilməsini xahiş edirəm". Daha sonra hakimlər hökm elan edib. Hökmə əsasən Zabil Məmmədova Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib və 2 il sınaq müddəti təyin edilməklə cəzası şərti hesab edilib. Onun barəsində polis nəzarətinə vermə qətimkan tədbiri başqa yerə getməmək barədə qətimkan tədbiri ilə əvəz edilib. Zərərçəkmişlərə isə mülki qaydada iddia qaldırmaq vəzifələri olduğu izah edilib.

Qeyd edək ki, cinayət işi üzrə 30 nəfər zərərçəkmiş tanınıb. Ümumilikdə isə 240 min manat ziyan var. İttihama görə, Zabil Məmmədov tanışı Samirə Mirzəyeva və digər şəxslərlə cinayət əlaqəsinə girib, dələduzluq əməllərini törədib.

Onların yol verdikləri qanunsuz əməllərə dair daxil olmuş çoxsaylı vətəndaş müraciəti əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı aparılıb. İstintaqla Samirə Mirzəyevanın özünü vəzifəli şəxs kimi təqdim edərək tanışları - Ağayev Mirqələm Seyidağa oğlu, Əliyev Fariz Qaraxan oğlu və Məmmədov Zabil Məmmədağa oğlu ilə qabaqcadan əlbir olaraq əlillik dərəcəsinin təyini, bərpası və güzəştli sosial mənzillərin verilməsinə köməklik göstərilməsi ilə bağlı 2022-2023-cü illər ərzində ona müraciət etmiş 78 nəfər şəxsə məxsus ümumilikdə 753 min manat məbləğində pul vəsaitini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.

Qeyd edək ki, Samirə Mirzəyeva, Mirələm Ağayev və Fariz Əliyevin barəsində olan cinayət işi ayrıca icraata götürülüb.

Belə ki, Samirə Mirzəyeva özünü Sosial Müdafiə Fondunun vəzifəli şəxsi kimi təqdim edib.