BAKI, 8 sentyabr. TELEQRAF
Fövqəladə Hallar Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında əlilliyi olan və onlara qulluq edən şəxslərin fövqəladə hadisələrin qarşısının alınması, hazırlıq və nəticələrinin aradan qaldırılması sahəsində hüquqlarının təmin olunmasına dair imzalanmış Birgə Fəaliyyət Planına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi tərəfindən xüsusi qayğıya ehtiyacı olan şəxslər və onlara xidmət göstərənlər üçün “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Bu barədə Teleqraf-a nazirlikdən məlumat verilib.
Bildirilib ki, tədbirin keçirilməsində məqsəd xüsusi qayğıya ehtiyacı olan şəxslərin fövqəladə hallar zamanı mühafizə və təxliyəsinin təşkili, onlara yanğın və digər təhlükələrlə bağlı zəruri davranış qaydalarının aşılanması olub.
Tədbirdə FHN-in Cənub Regional Mərkəzinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyinin Lənkəran Reabilitasiya Mərkəzi publik hüquqi şəxsin əməkdaşları və xüsusi qayğıya ehtiyacı olan şəxslər iştirak ediblər.
Tədbirdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğın və zəlzələ ilə bağlı müvafiq davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, mövzular ətrafında geniş müzakirələr aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.