CƏLİLABAD, 7 sentyabr. TELEQRAF

Cəlilabad rayonunda güclü külək fəsadlara səbəb olub.

Teleqraf.com-un Cənub bürosunun verdiyi xəbərə görə, Göytəpə qəsəbəsi ərazisində, Cəlilabad istiqamətində magistral yolun kənarında yerləşən iri və yaşlı ağaclar güclü küləyin təsirindən aşıb.

Aşan ağaclar yolun hərəkət hissəsini bağlayıb və nəticədə magistralda nəqliyyatın hərəkətində məhdudiyyət yaranıb.

Hazırda ağacların yol ərazisindən kənarlaşdırılması istiqamətində iş aparılır. Əraziyə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub, hərəkətin təhlükəsizliyinin təmin edilməsi üçün müvafiq tədbirlər görülür.

Güclü külək nəticəsində magistral yolun ətrafında yerləşən bəzi istixanaların da dağıldığı bildirilir.

Bölgədə küləkli hava şəraiti davam edir.
Sürücülərə Göytəpə–Cəlilabad yolunda hərəkət zamanı diqqətli olmaq, sürət həddinə və təhlükəsizlik qaydalarına riayət etmək tövsiyə olunur.