BAKI, 8 sentyabr. TELEQRAF
“Dövlət Dumasına seçkilər başa çatana qədər Rusiya səfərbərlik prosesini nümayiş etdirməməyə çalışacaq, seçkilərdən sonra isə ritorikasını dəyişə bilər”.
Teleqraf xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
“Rusiya indi səfərbərliyin olmadığını bəyan edəcək. Onlara cəmiyyəti sakitləşdirmək lazımdır. Səfərbərliyi nümayiş etdirməmək, heç kimi heç nə ilə qorxutmamaq lazımdır, çünki Rusiyada Duma seçkiləri keçirilir”, - Zelenski bildirib.
Ukrayna lideri hesab edir ki, Rusiyada seçkilər keçirildikdən sonra səfərbərlik tədbirləri başlaya bilər, amma bunun gizli, yoxsa açıq olacağı hələ məlum deyil: “Təxminən 300 min rusiyalı səfərbər edilə bilər”.
Volodimir Zelenski əlavə edib ki, Rusiyanın müvafiq infrastrukturu artıq səfərbərliyə hazır vəziyyətə gətirilib:
“Əlbəttə, bu, onlar üçün çətindir. Bunun çox baha başa gəlməsi də hamıya aydındır. Bu, Rusiya üçün yeni reallıqdır. Bunu tezliklə sizinlə birlikdə görəcəyik”.