BAKI, 8 sentyabr. TELEQRAF

“Səudiyyə Ərəbistanı öz maraqlarını qorumaq üçün bütün mövcud vasitələrdən istifadə edəcək, Yəmənin və regionun maraqlarını təmin edəcək addımları dəstəkləməkdən çəkinməyəcək”.

Teleqraf xəbər verir ki, bunu Səudiyyə Ərəbistanı xarici işlər naziri Feysəl bin Fərhan əl-Səud deyib.

“Husilər özlərini nəticələrinə tab gətirə bilməyəcəkləri yola saldılar”, - nazir bildirib.

Səudiyyə Ərəbistanı xarici işlər naziri husiləri öz maraqlarını Yəmən xalqının maraqlarından üstün tutmaqda ittiham edərək vurğulayıb ki, bu qrup hər dəfə çətin vəziyyətə düşəndə zorakılığa əl atır.

Bin Fərhan əlavə edib ki, husilərlə mübarizədə diplomatik yol hələ də açıqdır.

Xatırladaq ki, sentyabrın 8-də husilərin Səudiyyə Ərəbistanının şəhərlərinə hücumu nəticəsində 73 mülki insan yaralanıb. Hücum Abha, Xamis-Muşayt, Cizan və Nəcran şəhərlərində mülki və iqtisadi obyektlərə edilib.