BAKI, 8 sentyabr. TELEQRAF
“Dünya əhalisinin böyük hissəsi şəhərlərdə yaşadığı üçün iqlim dəyişməsinin şəhər aspekti artıq ayrıca bir məsələ deyil. Şəhər mərkəzləri, əslində, bir çox proseslərin kəsişdiyi əsas məkanlardır”.
Teleqraf xəbər verir ki, bu fikirləri Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Qəyyumlar Şurasının həmsədri, Dünya Bankının sabiq vitse-prezidenti İsmail Serageldin "Bakı İqlim Fəaliyyəti Həftəsi"nin ikinci günündə keçirilən panel sessiyadakı çıxışında deyib.
İ.Serageldin bildirib ki, şəhər canlı orqanizm kimi həm istehsal edir, həm də tullantı yaradır:
"Şəhərlər çox sayda insanı özündə birləşdirsə də, bir çox ərazidə kifayət qədər yaşıllıq və açıq məkanlar yoxdur. Burada həm emissiyalar yaranır, həm də çirklənmə, tullantılar, zorakılıq və qeyri-kamil şəhər mühitində mövcud olan digər problemlər ortaya çıxır. Məhz buna görə də şəhərlərlə bağlı məsələlərin həlli xüsusilə vacibdir.
“İstilik adaları” məsələsi daha da böyük əhəmiyyət qazanır.
Xatırlayaq ki, 2025-ci ildə Dubayda temperatur 50 dərəcəyə çatanda təxminən 500 nəfərin öldüyü barədə məlumatlar yayıldı. Temperaturun 50 dərəcəyə çatması insan orqanizminin daxili temperaturunun yüksəlməsi və digər ciddi nəticələrə səbəb olur.
Buna görə də şəhəri canlı orqanizm kimi qorumaq və burada iqlim, su və adətən ətraf mühitlə əlaqələndirdiyimiz digər məsələləri, eləcə də mənzil, enerji, mobillik, nəqliyyat və digər sahələri kompleks şəkildə nəzərə almaq çox vacibdir”.