BAKI, 8 sentyabr. TELEQRAF

Təmiz hava şəhər-iqlim gündəliyinin ayrılmaz tərkib hissəsi kimi tanınmalıdır.

Teleqraf xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026 (BCAW 2026)"nın ikinci günündə panel sessiyada çıxışında deyib.

O bildirib ki, şəhərsalma davamlı mobillik, yaşıl infrastrukturlar, enerji cəhətdən səmərəli binalar və daha yaxşı məkan təşkili vasitəsilə bu məqsədə birbaşa töhfə verə bilər.

A. Quliyevin sözlərinə görə, məkan planlaşdırılması və dayanlıqlıq arasındakı əlaqə bərpa və yenidənqurma işlərində də eyni dərəcədə böyük əhəmiyyət kəsb edir:

​"Azərbaycanın "Böyük Qayıdış" Proqramı göstərir ki, yenidənqurma işləri sadəcə itirilənləri bərpa etmək deyil, həm də daha təhlükəsiz, davamlı və gələcəyə hazır icmalar inşa etmək üçün bir imkandır.

​Azad edilmiş ərazilər üçün hərtərəfli Baş Plan, şəhərlərin baş planları və digər yaşayış məntəqələrinin planlaşdırma sənədləri ilə birlikdə ardıcıl və balanslaşdırılmış ərazi inkişafı üçün strateji çərçivə təmin edir.

​Məqsəd yalnız tikinti aparmaq deyil; daha güclü əlaqəlilik, balanslaşdırılmış regional inkişaf və qayıdan icmalar üçün daha yaxşı həyat keyfiyyəti şəraiti yaratmaqdır".