BAKI, 8 sentyabr. TELEQRAF
Azərbaycan gənclərin iqlim dəyişikliyi ilə mübarizə prosesində fəal iştirakının təmin olunmasına xüsusi önəm verir.
Teleqraf xəbər verir ki, bunu xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Bakıda keçirilən Dördüncü İqlim Həftəsində çıxışı zamanı bildirib.
O qeyd edib ki, uşaqlar və gənclər iqlim dəyişikliyinin təsirlərindən ən çox əziyyət çəkən qrup olsalar da, onlar eyni zamanda dayanıqlı iqtisadiyyatın qurulmasında əsas novatorlardır:
“Azərbaycan COP29-dan sonra da bu istiqamətdə səylərini davam etdirir. Ölkəmiz Braziliya və Avstraliya həmkarları ilə birlikdə COP31-ə hazırlıq çərçivəsində gənclərin təkliflərini nəzərə alır. Bakıda təşkil olunan İqlim Həftəsi və digər gənclər tədbirləri iqlim siyasətində gənclərin səsinin eşidilməsinə mühüm töhfə verir”.
XİN müavini gələcək nəsillərin və gənclərin iqlim gündəliyinin mərkəzində saxlanılmasının vacibliyini vurğulayıb.