BAKI, 5 dekabr. TELEQRAF
05.12.2025-ci il tarixində saat 03:15 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Qaradağ rayonu, Lökbatan qəsəbəsi, "Qobu Park 1" yaşayış massivində partlayış baş verməsi səbəbilə çağırış daxil olub.
Teleqraf xəbər verir ki, bu barədə TƏBİB-in mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, dərhal 12 təcili tibbi yardım briqadası çağırış ünvanına cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən 4 nəfər (qadın) tüstüdən zəhərlənmə ilkin diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub.
Hadisə yerində 4 nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb.
Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan 4 nəfərdən 3-nün vəziyyəti orta ağır olaraq qiymətləndirilir.
1 nəfərə isə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılması nəzərdə tutulub.
***
7:44
Fövqəladə Hallar Nazirliyi Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Qobu Park-1” yaşayış kompleksi ərazisində baş verən yanğınla bağlı açıqlama yayıb.
Teleqraf xəbər verir ki, yaşayış binasında yanğın baş verməsi barədə FHN-ə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlər tərəfindən doqquzmərtəbəli yaşayış binasının yeddinci mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər mənzillərə keçməsnə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində ümumi sahəsi 45 m² olan ikiotaqlı mənzilin mətbəxinin və dəhlizinin yanar konstruksiyaları 13 m² sahədə yanıb. Yanğın zamanı 4 nəfər həyatını itirib.
Mənzilin qalan hissəsi və digər mənzillər yanğından mühafizə olunub.
Təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə olunub.