ŞƏMKİR, 6 iyul. TELEQRAF
Şəmkir rayonunda bir nəfərin ölümü, bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzasının bəzi təfərrüatları məlum olub.
Teleqraf-ın əldə etdiyi xəbərə görə, rayon mərkəzindən Könüllü kəndi istiqamətində gedən yolda qeydə alınan qəzada toqquşan avtomobillərdən biri Türkiyə vətəndaşına məxsusdur.
Qəza "VAZ-2106" və "Nissan X Trail" markalı avtomobillərin iştirakı ilə baş verib.
Nəticədə "VAZ-2106"da olan Könüllü kənd sakinləri - 1990-cı il təvəllüdlü Əli İsmayılov və 2001- ci il təvəllüdlü Qələndər İsayev xəsarət alıb. Yaralılar Şəmkir rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Tibbi yardıma baxmayaraq Ə.İsmayılov aldığı xəsarətlərdən vəfat edib. Q.İsayevə isə ilkin yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb.
001-D-027 nömrə nişanlı "Nissan X Trail" markalı avtomobilin sürücüsü, 1983-cü il təvəllüdlü Yusuf Eltac hər hansı xəsarət almayıb. O, Türkiyə vətəndaşıdır.
Faktla bağlı araşdırma aparılır.
***
12:11
Bu gün saat 09:05 radələrində yol-nəqliyyat hadisəsi nəticəsində 1990 və 2001-ci il təvəllüdlü 2 nəfər (kişi cinsli) Şəmkir Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, şəxslərə ilkin zəruri tibbi xidmətlər göstərilib:
"2001-ci il təvəllüdlü şəxsin vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən öz istəyi ilə ambulator müalicə üçün evə buraxılıb.
Vəziyyəti ağır qiymətləndirilən 1990-cı il təvəllüdlü şəxsin isə aparılan reanimasiyon tədbirlərinə baxmayaraq, saat 09:14-də ölüm faktı qeydə alınıb".
***
10:10
Bakı-Qazax-Gürcüstan magistral avtomobil yolunun Şəmkir rayonundan keçən hissəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, "VAZ 2106" markalı avtomobil "Nissan X-Trail" markalı maşınla toqquşub.
Qəza zamanı "VAZ 2106" da olan Şəmkir rayon sakini 1990-cı il təvəllüdlü Əli İsmayılov ölüb. Hadisə yerinə hüquq mühafizə orqanı əməkdaşları cəlb olunub. Araşdırma aparılır.