BAKI, 19 dekabr. TELEQRAF
ABŞ-nin Şimali Karolina ştatında yerləşən Statesville hava limanında eniş zamanı qəzaya uğrayan “Cessna 550” tipli biznes təyyarəsinin göyərtəsində olan şəxslərin hamısı ölüb.
Teleqraf xəbər verir ki, bu barədə ştat rəsmiləri məlumat yayıblar.
Bildirilib ki, qəzadan sonra baş verən güclü yanğın səbəbindən sərnişinlərin dəqiq siyahısını müəyyənləşdirmək mümkün olmayıb. İlkin məlumatlara görə, təyyarədə olan yeddi nəfərin hamısı həlak olub. Rəsmilər ölənlər arasında təqaüddə olan NASCAR avtomobil yarışları sürücüsü Qreq Biffl, onun həyat yoldaşı və iki övladının da ola biləcəyini istisna etmirlər.
ABŞ Federal Aviasiya Administrasiyası (FAA) isə açıqlamasında bildirib ki, təyyarə Statesville hava limanına eniş zamanı qəzaya uğrayıb. Hadisənin səbəbləri araşdırılır.
***
23:30
ABŞ-də qəzaya uğrayan "Cessna C550" biznes təyyarəsinin göyərtəsində NASCAR (avtomobil yarışları milli birliyi) çempionu Qreqq Biffl və onun ailə üzvlərinin olduğu ehtimal edilir.
Teleqraf xəbər verir ki, özəl "Cessna C550" təyyarəsi ABŞ-ın Şimali Karolina ştatında qəzaya uğrayıb.
Aydell qraflığının şerifi Qrant Kempbell təyyarə qəzasında ölənlərin olduğunu təsdiqləyib. Amerika mediası şəxsi təyyarəyə sahib olan NASCAR çempionu Qreqq Bifflin və ailə üzvlərinin də ölənlər arasında ola biləcəyini ehtimal edir.
İlkin məlumatlara görə, təyyarənin qəzaya uğramasına əlverişsiz hava şəraiti səbəb olub.