AĞDAM, 18 dekabr. TELEQRAF

Ağdamda minaya düşən traktorçu Mingəçevirdə yerləşən hospitala göndərilib.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, ötən gün rayonun Çəmənli kəndi ərazisində sahədə işləyən traktorçu Məmmədov Məlik Qədir oğlu Ağdamda ilkin müayinə və müalicə edildikdən sonra Mingəçevir şəhərində yerləşən hospitala göndərilib.

***

Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyi (ANAMA) Ağdam rayonunda mina hadisəsi ilə bağlı birgə məlumat yayıb.

Teleqraf-ın məlumatına görə, bildirilib ki, işğaldan azad edilmiş Ağdam rayonunun Çəmənli kəndi ərazisində dekabrın 17-si saat 22:00 radələrində mina hadisəsi baş verib.

"1982-ci il təvəllüdlü Sarıcalı kənd sakini Məmmədov Qədir Malik oğlu keçmiş təmas xəttində minalardan təmizlənməmiş ərazidə traktorla yer şumlayarkən tank əleyhinə mina partlayışı nəticəsində xəsarət alıb. Xəsarət alan şəxs xəstəxanaya təxliyə edilib. Faktla bağlı Ağdam Rayon Prokurorluğunda araşdırma aparılır. ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırır!", - deyə birgə məlumatda vurğulanıb.

***

00:04

Ağdamda minaya düşən traktorda yanğın baş verib.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, partlayışın baş verdiyi ərazi nəzarətə götürülüb.

Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları əraziyə cəlb ediliblər. ANAMA-nın əməkdaşları hadisə yerinə baxış keçiriblər.

***

17 dekabr

21:50

Ağdamda traktorçu minaya düşüb.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun Çəmənli kəndi ərazisində baş verib.

Kənd sakini Məmmədov Məlik Qədir oğlu sahədə soğan səpərkən minaya düşüb.

Yaralı xəstəxanaya çatdırılıb.