BAKI, 20 dekabr. TELEQRAF
ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiven Uitkoff və Amerika liderinin kürəkəni Cared Kuşner Qəzza zolağının bərpası ilə bağlı təklif hazırlayıblar.
Teleqraf xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) qəzeti mənbələrə istinadən yazıb.
Məlumata görə, “Project Sunrise” adlanan plan Qəzza zolağını bombalanmış anklavdan parlaq metropolisa çevirməyi hədəfləyir. ABŞ tərəfinin qiymətləndirməsinə əsasən, layihənin icrası 10 il vaxt aparacaq və 112,1 milyard dollar vəsait tələb edəcək.
Nəşr qeyd edir ki, planda Qəzzanın bərpasının hansı ölkə və şirkətlər tərəfindən maliyyələşdiriləcəyi, eləcə də yenidənqurma dövründə təxminən 2 milyon fələstinlinin harada yaşayacağı konkret göstərilməyib.
WSJ yazır ki, Vaşinqton bu layihədə əsas rol oynamağa hazırdır. ABŞ 60 milyard dollar qrant ayrılmasını dəstəkləmək və bütün işlərin həyata keçirilməsi üçün kreditlərə zəmanət vermək niyyətindədir. Planlaşdırılır ki, 10 ildən sonra Qəzza zolağı bərpa prosesini özü maliyyələşdirə biləcək və mərhələli şəkildə götürülmüş kreditləri ödəməyə başlayacaq.
Mənbənin bildirdiyinə görə, təklif artıq potensial donorlarla, o cümlədən Fars körfəzinin zəngin monarxiyaları, Türkiyə və Misirlə müzakirə olunub.
Qeyd olunur ki, Uitkoff, Kuşner və bir sıra digər rəsmi şəxslər plan üzərində son 45 gün ərzində çalışıblar və bu müddətdə İsrail, özəl sektor nümayəndələri və podratçılarla məsləhətləşmələr aparıblar.
Bununla yanaşı, WSJ yazır ki, ABŞ administrasiyasında bəzi şəxslər layihəyə şübhə ilə yanaşır. Onlar HƏMAS-ın silahı yerə qoymağa hazır olub-olmadığını, eləcə də Vaşinqtonun digər ölkələri “təhlükəli müharibədən sonrakı zonaya” sərmayə yatırmağa inandıra biləcəyini sual altına alırlar.