BAKI, 20 dekabr. TELEQRAF

Gürcüstan bu ilin oktyabr və noyabr aylarında Rusiyadan əvvəlki bütün illərin cəmini üstələyən həcmdə neft və neft məhsulları idxal edib.

Teleqraf xəbər verir ki, Gürcüstanın Milli Statistika Xidmətinin məlumatlarına əsasən, 2025-ci il ərzində Rusiya Gürcüstana ümumilikdə 133,6 min ton neft və neft məhsulu tədarük edib. Bu idxalın ümumi dəyəri 60,4 milyon dollar təşkil edib.

Məlumata görə, tədarüklər may ayında 306,9 ton, oktyabrda 99 min ton, noyabrda isə 34,3 min ton həcmində həyata keçirilib. Təkcə oktyabr və noyabr aylarında idxal olunan həcmlər əvvəlki illərin ümumi göstəricilərini ötüb.

Qeyd edək ki, əvvəlki illərdə Gürcüstanın Rusiyadan idxal etdiyi neft və neft məhsullarının ümumi həcmi 113,9 min ton olub. Ən yüksək göstəricilər 2016-cı ildə 39,6 min ton, 2017-ci ildə isə 26,6 min ton təşkil edib. 2024-cü ildə bu göstərici 10,5 min ton olub.

Bununla yanaşı, Gürcüstan 2025-ci ildə Azərbaycandan da 3,9 min ton neft idxal edib. Bu tədarükün dəyəri 1,8 milyon dollar olub.

Xatırladaq ki, ötən aylarda Rusiyanın “Russneft” şirkəti Gürcüstanın Qara dəniz sahilində yerləşən Kulevi qəsəbəsində inşa edilən neft emalı zavoduna ilk neft partiyasını göndərib. Gürcüstan hökuməti Kulevidə ölkənin ilk neft emalı zavodunun 2025-ci ildə fəaliyyətə başlamasının planlaşdırıldığını açıqlamışdı.