BAKI, 20 dekabr. TELEQRAF
İtaliyanın Baş naziri Corciya Meloni və Fransa Prezidenti Emmanuel Makron Avropa İttifaqının Rusiyanın dondurulmuş aktivləri hesabına Ukraynaya 90 milyard avro kredit ayrılması planının qarşısının alınmasında əsas rol oynayıblar.
Teleqraf xəbər verir ki, "Financial Times" qəzetinin mənbələrə istinadən yaydığı məlumata görə, Meloni və Makron Belçikanın tələb etdiyi maliyyə zəmanətləri ilə bağlı ciddi tərəddüdlərini ifadə ediblər. Belə ki, Brüssel kreditin mümkün geri ödənilməsi risklərinin Aİ ölkələri arasında bölüşdürülməsini təklif edib.
Nəşrin yazdığına görə, xüsusilə Corciya Meloninin mövqeyi planın reallaşmasına imkan verməyib. Məqalədə “layihənin qatili Meloni oldu” ifadəsi yer alıb. Emmanuel Makronun isə bu məsələ ilə bağlı əsasən açıq mövqe bildirmədiyi qeyd olunub.
Xatırladaq ki, daha əvvəl Böyük Britaniya da Aİ sammitinin nəticəsiz qalmasından sonra Rusiyanın dondurulmuş aktivlərinin müsadirəsindən imtina etmişdi.
Eyni zamanda, Rusiya hökuməti yanında Maliyyə Universitetinin Sosial-İqtisadi Araşdırmalar İnstitutunun direktoru Aleksey Zubets Avropa ölkələrinin Ukrayna üçün 90 milyard avro toplamasının real görünmədiyini bildirib.