BAKI, 18 dekabr. TELEQRAF
Böyük Britaniyada 16 yaşlı oğlanın valideynləri övladlarının ölümü ilə bağlı Meta şirkətinə qarşı məhkəmə iddiası qaldırıb. Bu, ölkədə seksual şantaj cinayəti ilə əlaqədar "Meta" əleyhinə açılan ilk məhkəmə işi kimi qiymətləndirilir.
Teleqraf xəbər verir ki, məlumata görə, Şotlandiyanın Danbleyn şəhərində yaşayan Mürrey Daui 2023-cü ilin dekabrında həyatına son qoyub. Yeniyetmə “İnstaqram”da özünü yaşıdı qız kimi təqdim edən şəxsin tələbi ilə intim şəkillər göndərib. Sonradan bunun xaricdə fəaliyyət göstərən və maddi məqsədli seksual şantajla məşğul olan cinayətkar qrup olduğu üzə çıxıb.
Mürreynin valideynləri Roz və Mark Daui bildiriblər ki, "Meta" sosial şəbəkələrdə təhlükəsizlik tədbirlərini bilərəkdən yetərli səviyyədə tətbiq etməyib və mənfəəti istifadəçi təhlükəsizliyindən üstün tutub. İddiada qeyd olunur ki, "Meta"nın məhsul dizaynı yeniyetmələrin şantajçılara yönləndirilməsinə şərait yaradıb və bu risklərə baxmayaraq, şirkət lazımi addımları atmayıb.
Məhkəmə iddiası ABŞ-nin Delaver ştatında, "Meta" şirkətinin qeydiyyatda olduğu məhkəməyə təqdim edilib. İş çərçivəsində ABŞ-dən olan digər bir seksual şantaj qurbanının ailəsi də iddiaçılar sırasındadır.
Qeyd edək ki, son illər Böyük Britaniya, ABŞ və Avstraliyada sextortion halları kəskin artıb. Əsas hədəf qrupunu yeniyetmə oğlanlar və gənclər təşkil edir. "Meta" isə ittihamlarla bağlı hələlik rəsmi mövqe açıqlamayıb.