ABŞ Prezidenti Donald Tramp ölkənin 6G rabitə texnologiyalarının inkişafında liderliyini təmin etməyə yönəlmiş tədbirlər planını nəzərdə tutan memorandum imzalayıb.
Teleqraf xəbər verir ki, sənəd Ağ Evin rəsmi saytında dərc olunub.
Memoranduma əsasən, ABŞ-nin federal qurumları 7,125–7,4 QHs tezlik diapazonunda istifadə etdikləri rabitə sistemlərini köçürməlidirlər. Bu addım həmin tezliklərin 6G rabitə provayderləri tərəfindən kommersiya məqsədilə istifadəsi üçün azad edilməsini nəzərdə tutur. Dövlət qurumları bu keçidlə bağlı 12 ay ərzində öz fəaliyyət planlarını təqdim etməlidirlər.
Sənəddə, həmçinin 2,69-2,9 QHs və 4,4-4,94 QHs diapazonlarının da araşdırılması tapşırılır. Məqsəd gələcəkdə 6G üçün daha geniş tezlik resurslarının açılmasıdır.
Qeyd olunur ki, tezlik spektrlərinin yenidən bölüşdürülməsi ABŞ şirkətlərinə və onların tərəfdaşlarına 6G şəbəkələrinin planlaşdırılması zamanı hansı tezliklərin istifadəyə veriləcəyini əvvəlcədən bilməyə imkan yaradacaq.
Bundan əlavə, memorandumla ABŞ dövlət katibinə və administrasiyanın digər üzvlərinə beynəlxalq diplomatik kanallar vasitəsilə 6G sahəsində ABŞ liderliyinin təşviqi tapşırılıb.