BAKI, 20 dekabr. TELEQRAF

Norveçin vəliəhd şahzadəsi Mette-Marit səhhətindəki pisləşmə səbəbindən ağciyər transplantasiyasına ehtiyac duyur.

Teleqraf xəbər verir ki, bu barədə Norveç Kral Sarayının mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, 52 yaşlı vəliəhd şahzadənin son aylarda sağlamlıq vəziyyətində ciddi mənfi dəyişikliklər müşahidə olunub. Payız aylarında aparılan tibbi müayinələr Mette-Maritdə xəstəliyin irəlilədiyini göstərib.

Qeyd edək ki, vəliəhd şahzadə 2018-ci ildə ağciyər toxumasının çapıqlaşması və orqanizmdə oksigen qəbulunun azalması ilə xarakterizə olunan xroniki ağciyər xəstəliyi – pulmonar fibroz diaqnozu alıb.

Norveç Vəliəhd Şahzadəsi Haakonun həyat yoldaşı olan Mette-Marit üçün hələlik transplantasiya növbəsinə salınacağı tarix dəqiqləşdirilməyib.

Oslo Universitet Xəstəxanasının pulmonologiya şöbəsinin professoru Are Martin Holm bildirib ki, artıq ağciyər transplantasiyasının qaçılmaz olduğu mərhələyə yaxınlaşılır və bunun üçün zəruri hazırlıq işləri aparılır.