BAKI, 20 dekabr. TELEQRAF

ABŞ Hərbi Hava Qüvvələri son bir neçə saat ərzində Suriyanın şimalında yerləşən “İslam Dövləti” (İŞİD) terror qruplaşmasının mövqelərinə ikinci hava zərbələri dalğasını həyata keçirib.

Teleqraf xəbər verir ki, bu barədə "Al Hadath" telekanalı məlumat yayıb.

Telekanalın məlumatına görə, ABŞ aviasiyası İŞİD-in sığınacaqları və qərargahlarına qarşı yeni hücumlar təşkil edib. Əsas zərbələrin Deyr-əz-Zor vilayətində terrorçuların mövqelərinə endirildiyi bildirilir.

Bununla yanaşı, ABŞ hərbi təyyarələri Homs və Rakka vilayətlərinin kənd ərazilərində, eləcə də Tədmur (Palmira) şəhəri yaxınlığında yerləşən İŞİD bazalarına hava zərbələri endirib. Məhz bu ərazidə 13 dekabrda ABŞ Milli Qvardiyasının iki hərbçisi və bir amerikalı tərcüməçi həlak olmuşdu.

Al Hadath qeyd edir ki, gecə əməliyyatına başlamazdan əvvəl ABŞ hərbçiləri Suriyanın şimal vilayətlərində ən azı 50 İŞİD hədəfini müəyyənləşdiriblər. Lakin bu hədəflərin hamısına zərbə endirilib-endirilmədiyi barədə hələlik məlumat yoxdur.