BAKI, 20 dekabr. TELEQRAF

ABŞ Federal Təhqiqat Bürosu (FBI) maliyyəçi Ceffri Epşteynin işi ilə bağlı yeni materialları ictimaiyyətə açıqlayıb.

Teleqraf xəbər verir ki, sənədlər qurumun rəsmi saytında dərc edilib.

Açıqlanan məxfilikdən çıxarılmış materiallar arasında ABŞ-nin keçmiş prezidenti Bill Klintonun çoxsaylı fotoları yer alır. Sənədlərdə, həmçinin pop ulduzu Maykl Cekson, “Rolling Stones” qrupunun solisti Mik Caqqer və Epşteynin özünün də görüntüləri mövcuddur.

"CBS News"un məlumatına görə, bunlar ABŞ prezidenti Donald Tramp tərəfindən imzalanmış yeni qanuna əsasən ictimaiyyətə açıqlanan ilk sənədlərdir. Sözügedən qanun Epşteyn işi üzrə materialların məcburi şəkildə dərc olunmasını nəzərdə tutur.

***

01:16

ABŞ Ədliyyə Nazirliyi azyaşlılara qarşı cinsi istismarda ittiham olunan amerikalı maliyyəçi Ceffri Epşteynin işi ilə bağlı yüz minlərlə yeni sənədi dekabrın 19-da ictimaiyyətə təqdim edəcək.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin baş prokurorunun müavini Todd Blanş məlumat verib.

Onun sözlərinə görə, sənədlər müxtəlif formalarda olacaq.

“Bir neçə yüz min sənədin dərc olunacağını gözləyirəm. Bu sənədlər fotoşəkillər və Epşteynlə bağlı aparılmış bütün istintaqlara aid digər materiallardan ibarət olacaq”, - deyə Blanş "Fox News" telekanalına müsahibəsində bildirib.

Epşteyn işi ilə bağlı sənədlər dekabrın 19-u cümə günü, Şərq vaxtı ilə saat 15:00-da (Bakı vaxtı ilə 00:00-da) dərc olunacaq.