BAKI, 20 dekabr. TELEQRAF
Roma şəhər hakimiyyəti 2026-cı il fevralın 1-dən etibarən paytaxtın məşhur Trevi fəvvarəsinə giriş üçün 2 avro ödəniş tətbiq edəcək.
Teleqraf xəbər verir ki, məlumat Roma bələdiyyəsinin rəsmi saytında dərc edilib.
Bu qərar yalnız turistlərə və şəhər sakinləri olmayan şəxslərə şamil olunacaq.
Bildirilib ki, yeni qayda ziyarətçi axınının tənzimlənməsi, tarixi abidənin qorunması və istifadənin keyfiyyətinin artırılması məqsədi daşıyır.
Qeyd edək ki, Trevi fəvvarəsinin tikintisinə 1732-ci ildə başlanılıb. Fəvvarə dünya miqyasında məşhurluğunu, o cümlədən 1960-cı ildə rejissor Federiko Fellininin çəkdiyi “Şirin həyat” (“La Dolce Vita”) filmi sayəsində qazanıb. Filmdə fəvvarədə çəkilmiş səhnə dünya kinosunun ən yadda qalan epizodlarından biri hesab olunur.