BAKI, 20 dekabr. TELEQRAF

ABŞ-nin keçmiş prezidenti Bill Klintonun hovuzda çəkilmiş fotoları Epşteyn işi üzrə açıqlanan yeni materiallar arasında yer alıb.

Teleqraf xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Sənədlər çərçivəsində yayımlanan iki görüntü tarixsizdir və fotoların harada çəkildiyi məlum deyil.

Fotolardan birində Klinton iki nəfərlə birlikdə hovuzda üzərkən görünür. Şəxslərdən birinin kimliyi qara kvadratla gizlədilib, digərinin isə Epşteynin məhkum edilmiş tərəfdaşı Gisleyn Maksuell olduğu ehtimal edilir. Maksuell hazırda seks ticarəti ittihamı ilə 20 il həbs cəzası çəkir.

Digər fotoda Klinton əllərini başının arxasına qoymuş vəziyyətdə, cakuziyə bənzər hovuzda uzanıb. Onun yanında olan digər şəxsin də kimliyi sənəddə gizlədilib.

Qeyd olunur ki, Klinton 1990-cı illərdə və 2000-ci illərin əvvəllərində, maliyyəçi ilk dəfə həbs olunmazdan əvvəl Ceffri Epşteynlə bir neçə dəfə birlikdə görüntülənib. Bununla belə, Epşteynin qurbanları tərəfindən Klintona qarşı heç vaxt ittiham irəli sürülməyib. O, həmçinin Epşteynin cinayətlərindən xəbərdar olduğunu inkar edib.