BAKI, 20 dekabr. TELEQRAF

Rusiyanın Krasnodar diyarında pilotsuz uçuş aparatlarının (PUA) və hava hücumundan müdafiə (HHM) sistemlərinin çəkilişinə görə cərimələr təsdiqlənib.

Teleqraf xəbər verir ki, bu barədə Krasnodar diyarının Qanunverici Məclisinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, müəyyən edilmiş qadağa və məhdudiyyətlərin pozulmasına görə vətəndaşlar min rubldan 3 min rubla qədər inzibati cərimə olunacaq. Vəzifəli şəxslər üçün cərimə 10 min rubldan 30 min rubla, hüquqi şəxslər üçün isə 50 min rubldan 100 min rubla qədər müəyyən edilib.

Qeyd olunur ki, qaydaların təkrar pozulması halında cərimənin məbləği 300 min rubla çata bilər.

Xatırladaq ki, avqust ayında Rostov vilayətində iki sakin PUA hücumlarının nəticələrini əks etdirən foto və videoları yaydıqları üçün cərimələnmişdi. Həmin ay Tula vilayətinin qubernatoru Dmitri Milyayev də mühüm infrastruktur obyektlərinin, eləcə də HHM və PUA-ların fəaliyyəti ilə bağlı görüntülərin mediada dərcini qadağan edən fərman imzalamışdı.