Suriya hakimiyyəti terrorçu “İslam Dövləti” (İŞİD) qruplaşmasına qarşı mübarizəni gücləndirmək niyyətində olduğunu açıqlayıb.

Teleqraf xəbər verir ki, bu barədə Suriya Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Bəyanatda qeyd olunub ki, ölkə ərazisində terrorçuların hələ də təhlükə yaratdığı bütün bölgələrdə İŞİD-ə qarşı hərbi əməliyyatların intensivliyi artırılacaq. Nazirlik hazırkı hakimiyyətin terrorla mübarizəyə sadiq qaldığını vurğulayıb və Suriya ərazisində terrorçular üçün sığınacaqların mövcudluğunun qəbuledilməz olduğunu bildirib.

Suriya XİN ABŞ-ni və beynəlxalq koalisiyada iştirak edən digər dövlətləri terrorla mübarizədə ölkənin səylərinə dəstək verməyə çağırıb. Bəyanatda bu dəstəyin mülki əhalinin qorunmasına, həmçinin regionda təhlükəsizlik və sabitliyin bərpasına töhfə verəcəyi qeyd edilib.

Qeyd edək ki, Suriya XİN-in açıqlaması ABŞ Hərbi Hava Qüvvələrinin və koalisiya qüvvələrinin ölkənin şimalında bir sıra vilayətlərdə İŞİD mövqelərinə zərbələr endirməsi fonunda səsləndirilib.