BAKI, 20 dekabr. TELEQRAF
Almaniya şirkətləri işçi sayını azaltmaqda davam edir və yeni əməkdaşların işə qəbulu məsələsində ehtiyatlı davranırlar.
Teleqraf DW-yə istinadən xəbər verir ki, bu barədə İqtisadi Tədqiqatlar İnstitutunun (ifo) son sorğusunun nəticələrində qeyd olunur.
Mütəxəssislərin bildirdiyinə görə, məşğulluq indeksi 2020-ci ilin may ayından bəri ən aşağı səviyyəyə enib. Həmin dövrdə COVID-19 pandemiyası ən kəskin mərhələdə idi. İxtisarlar demək olar ki, bütün sənaye sahələrini əhatə edir, xüsusilə geyim istehsalı sektorunda azalmalar daha qabarıqdır.
Xidmət sahəsində və pərakəndə ticarətdə də ehtiyatlı gözləntilər müşahidə olunur. Tikinti sektorunda kütləvi ixtisarlar gözlənilməsə də, yeni işçilərə tələbatın olmadığı bildirilir.
Bununla yanaşı, araşdırma müsbət tendensiyaları da üzə çıxarıb. Belə ki, turizm sektoru və konsaltinq sahəsində fəaliyyət göstərən işəgötürənlər yeni ildə işçi heyətinin genişləndirilməsini planlaşdırırlar.
Qeyd edək ki, daha əvvəl yayılan məlumatlara görə, Almaniyada hər üçüncü şirkət 2026-cı ilə qədər iş yerlərini azaltmağı planlaşdırır.