BAKI, 13 aprel. TELEQRAF

Dövlət Sərhəd Xidməti tərəfindən dəniz sərhədlərinin etibarlı mühafizəsinin təmin edilməsi, Xəzər dənizində rejim qaydalarına nəzarətin gücləndirilməsi və qaçaqmalçılığa qarşı mübarizə tədbirləri nəticəsində külli miqdarda narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına gətirilməsinin qarşısı alınıb.

Bu barədə Teleqraf-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

Belə ki, aprel ayının 8-də Sahil Mühafizəsinin sahil nəzarəti bölmələri, texniki müşahidə məntəqələri və sərhəd gəmilərinin qarşılıqlı fəaliyyəti nəticəsində Xəzər dənizinin cənub istiqamətində naməlum hədəf müəyyən olunaraq təqib edilib. Sərhəd gəmilərinin təqibindən yayınan hədəf İran İslam Respublikasının ərazi sularına geri qayıdıb.

Əraziyə baxış keçirilərkən qaçaqmalçılar tərəfindən dənizə atılmış bağlamada ümumi çəkisi 12 kq 450 qram nаrkоtik vasitə marixuana və 450 ədəd metadon M-40 həbi aşkar olunaraq götürülüb.

Fаkt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.