OĞUZ, 26 fevral. TELEQRAF

Oğuz rayon İcra Hakimiyyəti Memarlıq və tikinti şöbəsinin müdiri – rayonun baş memarı Elman Qocayevə cinayət işi açılıb.

Teleqraf-ın əldə etdiyi məlumata görə, vəzifəli şəxs Cinayət Məcəlləsinin 312-1. vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə (nüfuz alveri) maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb edilib.

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən ötən ilin 1 iyununda saxlanılan E.Qocayev Bakıya gətirilib və daha sonra Binəqədi rayon Məhkəməsinin qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Onun barəsindəki cinayət işi artıq Oğuz rayon Məhkəməsinə göndərilib. Məhkəmədə qeyd edilib ki, E.Qocayev rəhbər vəzifəli şəxslərinin qərarına qanunsuz təsir göstərmək adı ilə bir neçə vətəndaşdan pul alıb.

Məhkəmə vəzifəli şəxsin 10 min manat cərimə edilməsi hökmünü çıxarıb. Onun barəsindəki ev dustaqlığı qətimkan tədbiri də ləğv edilib.

Qeyd edək ki, Elman Qocayevin adı hazırda da Oğuz RİH-in saytında şöbə müdiri-baş memar kimi qalmaqdadır.