
GÖYGÖL, 26 fevral. TELEQRAF
Göygöl Rayon Mərkəzi Xəstəxanasında doğuş zamanı həyatını itirən 35 yaşlı Nuranə Cəbrayılovanın həyat yoldaşı Füzuli Cəbrayılov yoldaşının həkim səhlənkarlığından öldüyünü iddia edir.
Teleqraf-ın yerli bürosuna danışan F. Cəbrayılov sözlərinə görə, N. Cəbrayılova xəstəxanaya sağlam çatdırılıb.
"Yoldaşımı hamiləlik dövründə mütamadi həkim yoxlanışından keçirmişik. Heç bir problem aşkar olunmayıb. Xəstəxanaya aparılanda da ulltrasəs müayinəsi etdilər. Uşaq 3 kq-dan artıq idi. Həkim bizə ana və uşağın sağlamlığında heç bir problemin olmadığını dedi. Doğuş şöbəsinə aparılarkən Afət adlı həkim də hər şeyin normal getdiyini söylədi. Yoldaşım hətta onun üçün yemək almağımı istədi. Mən yemək alıb qayıdanda, Afət həkim yenidən mənim qabağıma çıxıb dedi ki, yoldaşının özündəngetməsi varmı? Mən də dedim xeyr. Həkimlər mənə öldüyünü demədilər. Özüm məcbur qapını açdım və gördüm ki, yoldaşımın ağzında suni nəfəs aparatı var, o, artıq dünyasını dəyişib. Ancaq həkimlər yenə də boyunlarına almadılar. Məni çıxartdılar. Bir müddət sonra gördüm ki, yoldaşım ölüb, həkim də yoxa çıxıb" .
Məlumat üçün bildirək ki, N. Cəbrayılovanın bu 14 ildən sonra sayca 4-cü hamiləliyi olub. O, 3 övlad anası idi.