BAKI, 25 fevral. TELEQRAF

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Pirallahı rayonu, Səməd Vurğun küçəsində yerləşən binada yanğın baş verməsi barədə məlumat daxil olub.

Teleqraf xəbər verir ki, dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri əraziyə cəlb olunub.

Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində ümumi sahəsi 3500 kv.m olan ikimərtəbəli taxta konstruksiyalardan ibarət binada baş verən yanğın genişlənməsinə imkan verilmədən söndürülüb.

Yanğın nəticəsində binanın dam örtüyünün yanar konstruksiyaları 300 kv.m sahədə, 2-ci mərtəbəsində ümumi sahəsi 100 kv.m olan üçotaqlı mənzilin yanar konstruksiyaları və ümumi sahəsi 80 kv.m olan digər üçotaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 40kv.m. sahədə yanıb.

Binanın böyük hissəsi və digər mənzillər yanğından mühafizə olunub.