BAKI, 24 fevral. TELEQRAF

Ağcabədi rayonunda qonşu qadının evinə girən sərxoş kişi həbs edilib.

Teleqraf-ın əldə etdiyi məlumata görə, hadisə Ağcabədi şəhərində baş verib.

1995-ci il təvəllüdlü Murad (adlar şərti verilib – red.) sərxoş vəziyyətdə öz evinin ünvanını səhv salıb və qonşusunun evinə girib. Onu ev sahibi olan Nərminə adlı qadın qarşılayıb. Onların arasında mübahisə yaranıb. Qadın çağırılmamış qonağı evdən qovan zaman əlbəyaxa olublar. Murad ev sahibinə xəsarət yetirib.

Murad izahatında göstərib ki, zərərçəkmiş şəxslə heç bir ədavəti və düşmənçiliyi yoxdur. Evə gələn zaman sərxoş olduğu üçün ünvanı səhv salıb, həmin vaxt Nərminə onu təhqir etdiyi üçün aralarında mübahisə yaranıb: “Mübahisə zamanı Nərminə məni vurmaq istədi. Mən isə onun əlindən çıxaraq qaçdım. Törətdiyim əməldən peşmanam”.

İş üzrə izahat verən Nərminənin ifadəsinə görə, Murad onun yaşadığı evə gəlib: “Sərxoş olduğu üçün mənə əl-qol atdı. Çölə çıxmaq istədim, məni tutaraq piləkəndən yerə yıxdı. Şalvarımı və koftamı çıxarmaq istədi. Mən isə onu itələyərək çölə çıxdım və səs-küy saldım. Bundan sonra Murad qaçaraq getdi”.

Hüquq-mühafizə orqanları tərəfindən Muradın barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) maddəsi ilə protokol yazılıb. İş baxılması üçün rayon məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə o, 1 ay müddətinə inzibati qaydada həbs edilib.